Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İƏT-in sessiyasında Qarabağ barədə qətnamə qəbul edilib

İyun 28
11:50 2014

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən movqe.az saytına verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması” şüarı altında 41-ci sessiyası keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən İƏT-in baş katibi İyad bin Amin Mədəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana dəstəyini ifadə edib və Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu diqqətinə çatdırıb. O, münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün İƏT-ə üzv ölkələrə müraciət edib. Baş katib hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək ölkəmizin İƏT-ə üzv dövlətlər ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, beynəlxalq terrorizm və islamofobiya meyllərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyi vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlar haqqında tədbir iştirakçılarına məlumat verilmiş və bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə İƏT-ə üzv dövlətlərə təşəkkür bildirilib.

İclasın nəticəsi olaraq, İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirlər Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyannaməsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunub.

İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamədə “Xocalıya ədalət” kampaniyasına həsr olunmuş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar.” (Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə).

Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnərsə, bədənin digər üzvləri xəstə üzvünün acısına, yuxusuzluq və qızdırma ilə onun bu ağrısında iştirak edərlər (ağrısına şərik olarlar).” (Səhih-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585)).

Digər xəbərlər