İkimərtəbəli qatarlar nə zaman istifadəyə veriləcək?
720 dəfə baxılıb
“Yeni dərs ili başlayana kimi Bakı-Xırdalan-Sumqayıt xətti üçün nəzərdə tutulan iki mərtəbəli qatarlar sərnişinlərin istifadəsinə veriləcək”.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, bu sözləri açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
“İşlər yekunlaşmaq üzrədir və artıq 3 platforma tikilib. 4-cü platformada işlər aparılır. Bakı sərnişin stansiyasından (“28 May” metrosu) “Böyükşor” stansiyasına (“Koroğlu” metrosu) qədər dəmir yolunun kənarında çəpərləmə işləri həyata keçirilir. 63 km xəttin 52 km–lik hissəsi təmir olunub. Qalan hissədə isə təmir işləri davam etdirilir”.
Nadir Əzməmmədovun sözlərinə görə, bu xətt üzrə heç bir yeni stansiya tikilməyib. Lakin rabitə və siqnalizasiya sistemi yenidən qurulur. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici 1.6 km-lik yolda torpaq yatağında işlər gedir. Sumqayıt şəhərində 2 platforma və yeraltı keçid tikilib.
N. Əzməmmədovun sözlərinə görə, yeni qatarlar Bakı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt xətti üzrə hərəkət edəcək. Yeni gətirilən qatarların sürəti saatda 160 km-ə çatır. Amma qatarlar saatda 160 km-lə hərəkət etməyəcək. Sürət elə tənzimlənəcək ki, sərnişinlər 40 dəqiqəyə sonuncu stansiyaya çata biləcəklər.
Yeni qatarların ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Qurum rəsmisinin sözlərinə görə, elektrik qatarlarında ödənişlər nəqliyyat üçün ümumi ödəniş kartı – “Bakı kart”la həyata keçiriləcək. Bunun üçün Bakı sərnişin stansiyasında yeni turniketlər qurulur. Amma gediş haqqının müəyyən edilməsi ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.