İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin): “Aramızda çox fəal siyasi dialoq mövcuddur”
1. 062 dəfə baxılıb
Aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu İslam üzərində sabit etsin) və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyev deyib: “Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır”.
Prezident bildirib ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir: “Şadıq ki, Sizin Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də, turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq. Bir daha Sizi salamlayıram və Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram”.
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum deyib: “Çox təşəkkür edirəm. Biz səmimi qarşılandıq. Əlaqələrimizi daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu gözəl ölkədə olmaqdan çox şadıq. Bu, ölkənizi görmək üçün yaxşı imkandır. Bizim bir-birimizdən öyrənəcəyimiz şeylər var”.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.
Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!