İlham Əliyev (Allah onu qorusun): “Azərbaycan daim Türkiyənin yanındadır”
646 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Türkiyə Xarici İşlər naziri Firudin Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, dövlət başçısı F. Sinirlioğlunu Türkiyə Xarici İşlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
F. Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlət başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün ölkələrimiz arasında elə bir sahə yoxdur ki, uğurla inkişaf etməsin. Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlət başçısı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu deyib.
Dövlət başçısı F. Sinirlioğlunun ölkəmizə bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
F. Sinirlioğlu isə Türkiyə xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. O həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd edib. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq Heydər Əliyevin zamanında və prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirib. O, ölkəmizə budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fövqəladə şəkildə inkişaf etdiyini vurğulayıb. F. Sinirlioğlu Türkiyənin Azərbaycanı “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani Kərim, “Hucurat” surəsi, 10-cu ayə)