Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Oktyabr 03
22:07 2014

“Sələf Xəbər”-in AzərTac-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir.”

Prezident, Azərbaycan xalqının xeyirxah niyyətlərinin, dua və diləklərinin gerçəkləşəcəyinə, Uca Allahın mərhəmətinin heç zaman xalqımızın üstündən əskik olmayacağına ümidvar olduğunu bildirib.

Ölkə başçısı təbrikin sonunda bir daha xalqı üçün dua edib: “Əziz bacı və qardaşlarım! Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”

 Sələf Xəbər: Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyirdi:
“Onların səbəbi ilə aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, yalnız rəhbər olduğu halda İslam düzgün etiqad edilə bilər. Hətta əgər onlar azğınlıq edir və ədalətsizliyə yol verir. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Və Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”).

Digər xəbərlər