Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun): “Dincəlmək üçün xaricə getməyə ehtiyac yoxdur”

Yanvar 30
16:38 2015

Yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki , dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Otelin açılışından sonra İlham Əliyev kollektivlə görüşüb:

“Sizi salamlayıram. Bu gözəl otelin açılışı münasibətilə sizi təbrik edirəm. İlk dəfə altı il bundan əvvəl burada olarkən Azərbaycanda dağ xizəyi kurortunun yaradılması haqqında qərar qəbul etdim və 2009-cu ildə təməl daşı qoyuldu. O zaman bu ərazilər boş idi. Bu gözəl dağlar arasında gözəl turizm mərkəzi yaradılıbdır. Bu gün dünya səviyyəli turizm mərkəzidir.

Ondan sonra birinci otel – “Şahdağ” oteli tikilmişdir. Daha sonra “Qaya”, “Zirvə”, “Pik Palas” və indi “Park Chalet”. Yəni qısa müddətdə, təxminən, 3-4 il ərzində Azərbaycanda dünya səviyyəli beynəlxalq turizm mərkəzi yaradılıbdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki adətən, belə turizm mərkəzlərinin yaradılması onilliklər tələb edir. Biz isə bunu 4-5 il ərzində yarada bilmişik. Burada həm dövlət vəsaitindən istifadə edilmişdir, – çünki bütün infrastruktur layihələri, elə birinci otel – “Şahdağ” oteli dövlət büdcəsi hesabına tikilmişdir, – həm də özəl sektor fəaliyyət göstərir. Belə də olmalıdır”.

Dövlət başçısı qeyd edib ki, bu zona inkişaf dövrünü yaşayır:

“Bu otellərdə – Şahdağ kurort mərkəzində işləyənlərin 80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridirlər. Yadımdadır, təməl daşını qoyanda demişdim ki, bu mərkəz, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Çünki turizm sektoru çoxsaylı iş yerlərinin açılmasına gətirib çıxarır. Nəzərə alsaq ki, biz hələ birinci mərhələdəyik, demək olar, bizim bütün planlarımız otellərin tikintisi ilə artıq reallaşıb. Ancaq Şahdağ turizm mərkəzinin əsas fəaliyyət dövrü bundan sonra başlayacaq. Çünki hazırda buraya gələn qonaqların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır ki, belə gözəl şərait olan yerdə Azərbaycan vətəndaşlarının indi dincəlmək üçün xaricə getmələrinə ehtiyac yoxdur. Ancaq ümid edirəm ki, gələcəkdə xarici qonaqların sayı da çoxalacaq. Beləliklə, burada – Qusar rayonunda inkişaf daha da sürətlə gedəcək”.

İlham Əliyev deyib ki, Azərbaycanın təbiəti sərvətdir:

“Əlbəttə, Azərbaycanın ən böyük turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunmuşdur. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir.

İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək. Çox şadam ki, mənim təşəbbüsüm qısa müddət ərzində reallaşır. Bu yerlərdə gözəl otellər, binalar, istirahət zonaları yaradılıb. Sizə uğurlar arzulayıram və əminəm ki, yaxşı işləyəcəksiniz, qonaqlara yaxşı xidmət göstərəcəksiniz. Sağ olun”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər