İlham Əliyev (Allah onu qorusun): “İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində önəmli addımlar atmışıq”
1. 186 dəfə baxılıb
“Bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə problemimiz yoxdur”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) deyib.
Dövlət başçısı bildirib ki, qonşu ölkələrlə münasibətlər Azərbaycan üçün prioritet təşkil edir: “Hesab edirəm ki, hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki biz bu coğrafiyada, bu qonşuluqda yaşayırıq. Biz maraqlıyıq ki, qonşuluqda sabitlik olsun, inkişaf getsin, xoşagəlməz hallar, təhlükələr olmasın. Türkiyə, Rusiya, İran və Gürcüstan ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda çox gözəl siyasi-iqtisadi, mədəni əlaqələrimiz var. Bu əlaqələr bizim üçün çox önəmlidir. Qonşular da bizə eyni mövqedən yanaşır. Biz bu əlaqələri gələcəkdə prioritet kimi daim diqqət mərkəzində saxlamalıyıq. Bununla bərabər, biz üçtərəfli formatda da işləyirik. Bu üçtərəfli formatın yaradılmasının təşəbbüskarı da biz olmuşuq. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya. Bütün qonşularla ayrı-ayrılıqda üçtərəfli format artıq formalaşıb və bu, sadəcə olaraq formal xarakter daşımır. Çünki bu üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox önəmli məsələlər həll olunur, təhlükəsizliklə, iqtisadi əməkdaşlıqla, enerji və nəqliyyatla bağlı layihələr icra edilir. Yəni bu əməkdaşlıq bizə də, qonşularımıza da böyük xeyir gətirir”.
Prezident İlham Əliyev qeyd edib ki, müsəlman ölkələri ilə əməkdaşlıq həmişə ən yüksək səviyyədə olub: “Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Beynəlxalq arenada, BMT-də bizi ən çox dəstəkləyən məhz müsəlman ölkələridir, biz də onları dəstəkləyirik. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş qətnamə Azərbaycanı birmənalı şəkildə dəstəklədi, Ermənistanın təcavüzünü, aprel təxribatını qətiyyətlə pislədi və bununla bərabər, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunu da yaratmışdır. Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq tarixə, mədəniyyətə, dinə, ortaq maraqlara əsaslanır və daim diqqət mərkəzində olmalıdır. Avropa ölkələri ilə də bizim əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür, görülübdür. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaq”.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!