İlham Əliyev (Allah onu qüvvətləndirsin): “2016-cı il dərin iqtisadi islahatlar ilidir”
779 dəfə baxılıb
“Sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, 2016-cı il ölkədə dərin iqtisadi islahatlar ilidir: “İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır. Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir”.
“İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, – yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, – demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”, – deyə prezident İ.Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi – bütün bu məsələlərə kompleks şəkildə yanaşılır: “Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir. İndi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Biz gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaqdır”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)