İlham Əliyev (Allah onu qüvvətləndirsin) Çavuşoğlunu qəbul edib
727 dəfə baxılıb
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) fevralın 18-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib.
Dövlətimizin başçısı deyib: “Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki, bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim, şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı qardaşlarımıza şəfa dilədim”.
Prezident İlham Əliyev Türkiyə Prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışan dövlət başçısı bunu birliyimizin ifadəsi kimi dəyərləndirib. Şuranın iclasının gündəliyinin geniş olduğunu və burada bir çox məsələlərin müzakirə ediləcəyini deyən dövlətimizin başçısı iclasın yaxın vaxtlarda keçiriləcəyinə əminliyini ifadə edib.
Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd edib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə edib.
Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını deyib və qardaş Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzulayıb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586)