İlham Əliyev (Allah onu qüvvətləndirsin) Fərman imzalayıb
714 dəfə baxılıb
Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.
Dekabrın 14-də Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.
Sənəddə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılır ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.
Nazirlər Kabinetinə isə Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)