İlham Əliyev (Allah onu qüvvətləndirsin):“İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır”
687 dəfə baxılıb
“Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu ötən gün Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə söyləyib.
Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki ölkə idxaldan asılı olmasın: “Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Mən qeyd etdim ki, biz görülən tədbirlər nəticəsində unun qiymətini əhəmiyyətli dərəcədə aşağı sala bildik. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik. Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər”.
Prezident qeyd edib ki, dövlət öz tərəfindən lazımi tədbirləri görür: “Fermerlər də bu işlərə fəal qoşulublar. Bank sektorunun əlbəttə ki, burada çox böyük rolu olacaq. Əminəm ki, bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru bu sahəyə xüsusi diqqət göstərməlidir. Bu, mənim onlara göstərişimdir. Dövlət özəl banklara kömək göstərir, onları bəzi hallarda xilas edir. Onlar da öz növbəsində dövlətin maraqlarını təmin etməlidirlər. Onlar dövlətə lazım olan sahələrə investisiya yatırmalı, kredit verməlidirlər. Qeyri-neft sektoru dedikdə əlbəttə ki, mən ilk növbədə kənd təsərrüfatı, sənaye istehsalı və emal sənayesini nəzərdə tuturam. Bu istiqamətlərə əlavə vəsait də təmin edilməlidir”.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi islahatlar dərinləşməlidir: “Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırılar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik”.
Prezident qeyd edib ki, son illər ərzində bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur: “Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı var. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq”.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, onların haqqına bütövlükdə və ya ayrı-ayrılıqda bildirərək, insanları öz Xeyirxahına minnətdarlıq bildirməyə və Onu xatırlamağa çağırır. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)