İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “Sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq”
900 dəfə baxılıb
“Neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək”.
“Çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Bakıda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimi zamanı deyib.
Bu sahədə dövlətin öz üzərinə düşən vəzifəni icra etdiyini deyən İ. Əliyev bütün cəmiyyətin bu kimi təşəbbüslərə qoşulmasının vacibliyini vurğulayıb. “Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq”.
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına 10 milyon manat əlavə vəsait ayrılıb: “Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıb”.
İ. Əliyevin sözlərinə görə, neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək. “Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaq. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”, – deyə o qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)