İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “Pensiya və əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanmalıdır”
799 dəfə baxılıb
“2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılması prosesinin sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.
Prezident İlham Əliyev görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub: “2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”.
Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “Asan-xidmət” mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)