Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın): “Ermənilər bizim məscidləri, məzarları dağıdıb…”

Sentyabr 13
16:07 2014

Azərbaycan prezidenti İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) Malayziya baş naziri Məhəmməd Nacib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında Malayziyaya minnətdarlığını bildirib: “Malaziya, Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim müdafiə edir”.

Azərbaycan prezidenti qeyd edib ki, bu, beynəlxalq hüquqa uyğun olan mövqedir və Azərbaycan-Malayziya əməkdaşlığını, qardaşlığını əks etdirir.

“Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf 7 rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır.

Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir” – deyə İ.Əliyev vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Xocalıdakı zorakılığı və soyqırımı bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər: “Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm”.

Malayziyanın baş naziri Məhəmməd Nacib Tun Abdul Razak Bakıda prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında Azərbaycana səfərini tarixi səfər adlandırıb: “Bu, Malayziya baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm”.

Baş nazir əmin olduğunu bildirib ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var: “Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində… Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət sizin tərəfinizdədir və biz hər zaman sizinlə olacağıq. Eyni zamanda mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib.”

Sona baş nazir bu səfərdən böyük gözləntilərinin olduğunu qeyd edib: “Cənab prezident, ümid edirəm ki, siz bizim ölkəyə səfər edəndə biz də sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər