İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Ermənistan sülh istəmir”
969 dəfə baxılıb
“Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib.
Prezidentin sözlərinə görə, Azərbaycanın siyasəti ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalı və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.
Dövlət başçısı qeyd edib ki, buna nail olmaq üçün diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır: “Biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilib. Düşmənə sarsıdıcı zərbələr endirilib və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa, hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allahdan torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!