İlham Əliyevin (Allah onu qüvvətləndirsin) BƏƏ-də geniş tərkibdə görüşü olub
755 dəfə baxılıb
Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qüvvətləndirsin) Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.
Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olunub.
“Sələf Xəbər” President.az-a istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlətimizin başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd etdi.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilib, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!