Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İndoneziyada Xocalıya dair keçirilən seminara ermənilər mane olmağa çalışıblar

Fevral 14
13:43 2015

İndoneziyada “Xocalıya ədalət, gələcək üçün ibrət” mövzusunda seminar keçirilib.

İndoneziya Universiteti, Ədalət və Sülh üzrə Beynəlxalq Gənclər Cəmiyyəti, Həbibi Mərkəzi və Abdurrahman Vahid Mərkəzinin birgə təşkilatçılığı ilə İndoneziya Universitetində “Xocalıya ədalət, gələcək üçün ibrət” mövzusunda seminar keçirilib.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Azərbaycanın İndoneziyadakı səfirliyindən verilən məlumata görə, seminarda İndoneziya hökumətinin rəsmiləri, parlament nümayəndələri, İndoneziya İnsan Haqları Komissiyasının və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Yerli dövlət televiziyası TVRİ və digər çoxsaylı KİV nümayəndələrinin iştirak etdikləri və geniş işıqlandırdıqları seminarda universitetin professorları, təşkilatçı qurumların rəhbərləri, İnsan Haqları Komissiyasının və “The Jakarta Post” qəzetinin nümayəndələri və digər tanınmış şəxslər çıxış ediblər.

Ədalət və Sülh üzrə Beynəlxalq Gənclər Cəmiyyətinin fəalları çıxışlarında gəncləri insan haqlarının və ədalətin müdafiəsi naminə “Xocalıya ədalət” şüarı altında Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə çağırıblar. İnsan Haqları Komissiyasının nümayəndəsi Elfansuri və digər çıxışçılar iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü və dinc əhaliyə qarşı törətdikləri cinayətlər barədə məlumat verib, Xocalı soyqırımını törədənlərin mühakimə olunmasının vacibliyini vurğulayıb və öz səlahiyyətləri çərçivəsində bunun üçün çalışacaqlarını bildiriblər.

Seminarın sonunda 1 ay əvvəl elan olunmuş “Xocalıya ədalət, gələcək üçün ibrət” adlı yaradıcılıq müsabiqəsinin müddətinin fevralın 20-dək uzadıldığı bildirilib. Müsabiqənin iştirakçıları Xocalı soyqırımını təsvir edən əsərlərini Ədalət və Sülh üzrə Beynəlxalq Gənclər Cəmiyyətinə təqdim edirlər. Seminar iştirakçılarına “Azərbaycana İndoneziyadan baxış”, “İrs” jurnalları, Xocalı soyqırımı barədə faktlar toplusunun ingilis və İndoneziya dili versiyaları və digər vəsaitlər paylanılıb.

Qeyd edək ki, seminarın təşkilatçılarının bütün ünvanlara, o cümlədən Ermənistanın Cakartadakı səfirliyinə də göndərilmiş dəvətnamələrə Azərbaycanın səfirliyi tərəfindən tərtib olunmuş “Xocalı soyqırımı” adlı ingilis və bahasa dilində faktlar və sənədlər toplusundan ibarət kitab da əlavə olunub. Seminarda iştirak edərək çoxsaylı suallar və qınaqlar qarşısında aciz qalmaq və ya iştirakdan imtina edərək təqsirli olduqlarını qiyabi etiraf etmək dilemması ilə üzləşmiş Ermənistan səfirliyi çaşqınlıq içərisində hər üç təşkilatçı quruma zəng edərək tədbirin ləğv olunmasına çalışıb. Səfir Tamerlan Qarayev həm seminardakı çıxışı, həm də seminardan sonra TVRİ kanalına müsahibəsi zamanı Ermənistan səfirliyinin bu tədbirin ləğvinə çalışmaqla özünü ifşa etdiyini və müstəqil QHT-lərdən ibarət olan təşkilatçıların proqramlarına müdaxilə edərək onlara hörmətsizlik etdiyini bildirib.

Seminarın sonunda təşkilatçı fəallar həm Xocalı soyqırımı ilə bağlı, həm də Ermənistan səfirliyinin seminara mane olmaq cəhdlərinə qarşı ciddi etiraz aksiyası keçirəcəklərini, Cakartanın mərkəzi küçəsində və Ermənistan səfirliyinin qarşısında nümayiş təşkil edəcəklərini bildiriblər. TVRİ kanalı seminarla bağlı xəbəri günün əsas xəbər saatında ingilis və İndoneziya dillərində nümayiş etdirib.

 Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər