İrandan külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb
704 dəfə baxılıb
Yoxlama zamanı kişidən xalis çəkisi 8,672 qram tiryək aşkar olunub.
İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Astara Gömrük İdarəsinin sərnişin şöbəsində qeydə alınıb.
İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarov saxlanılıb. Onun üzərindən yoxlama aparılıb.
Yoxlama zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə – tiryək aşkar olunub.
Hazırda həmin şəxsin ətrafında araşdırmalar aparılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Şərab da (sərxoşedicilər də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Qurani-Kərim, “Maidə” surəsi, 90-cı ayə).
Sərxoşedici – ağlı sərxoş edən və örtən, yemək, içmək, narkotiklər kimi qoxu və iynə yolu ilə qəbul edilən hər bir maddədir. İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir.
Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Eyni zamanda narkotik asılılıq əmələ gətirdiyinə görə insan onu almaq üçün malını israf edir, hətta o yerə çatır ki, narkotik əldə etmək üçün insan hər yola (aldatma, oğurluq, qətl) əl atır.
Uca Allahın sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).