Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İrəvan Bakı-Qarsa qoşula bilər: tək şərt… – Politoloq

Oktyabr 31
16:37 2017

Ermənistan mediası bu gün istifadəyə verilən “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə gələcəkdə Ermənistanın da qoşula biləcəyini yazıb.

Selefxeber.az xəbər verir ki, sözügedən iddianın nə qədər mümkün olub-olmadığı barədə “Axar.az”a danışan politoloq, millət vəkili Rasim Musabəyov bildirib ki, Ermənistan Azərbaycanın qoyduğu şərtlərə əməl etdiyi təqdirdə bu, mümkün ola bilər:

“Gələcəkdə nə üçün Ermənistan da bu xəttə qoşulmasın?! Azərbaycan tərəfi bundan öncə də dəfələrlə vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çəkiləndən və müharibə bitəndən sonra Ermənistan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə qoşula bilər. Ancaq indiki halda, sabitliyin pozulduğu bir vaxtda bunun o qədər də real göründüyünü düşünmürəm”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bakıda keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə ilk illərdə dəmiryolu xəttindən ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyadadır.

Digər xəbərlər