İrəvandakı Göy məscid İrana icarəyə verilib
748 dəfə baxılıb
“İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur”.
Qafqaz Müsəlmanları İdarəsi(QMİ) İrəvandakı Göy məscidin Ermənistan tərəfindən İranın istifadəsinə verilməsi barədə məsələyə münasibət bildirib.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, QMİ sədrinin müavini Qəmər Cəvahirli bildirib ki, bu hal təəssüf doğurur.
Q. Cəvahirli deyib ki, Ermənistan Azərbaycan, türk memarlıq incisi sayılan Göy məscidi başqa bir ölkənin istifadəsi üçün icarəyə verir: “Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bunu nəzərə alsaq, Azərbaycana məxsus məscidin digər müsəlman ölkəsinə icarəyə verilməsi birmənalı qarşılanmır. Çünki bunun həm mənfi, həm də müsbət tərəfləri var”.
QMİ sədrinin müavini vurğulayıb ki, Ermənistan bu addımı siyasi məqsədlər üçün edib: “Ermənistan dünyada monoetnik bir dövlət kimi tanınır və beynəlxalq aləm bu ölkənin monoetnikliyini bəyənmir. Ona görə də özünü tolerant, multikultural kimi göstərməyə çalışır. Ermənistan bu məqsədlə də bir addım atıb”.
Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq. İran məsciddən mədəniyyət mərkəzi kimi istifadə edəcək.
“İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur”.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, həmin məscidlər Azərbaycanın tarixi abidələridir: Göy məscid Ermənistandakı rejim tərəfindən təbliğat vasitəsi kimi saxlanılır. O məscidin guya İrana icarəyə verilməsi təbliğat xarakterlidir. Əslində, həmin məsciddə ibadət edən yoxdur. Məscidə rəhbərlik edən ermənidir, onun müsəlman olub-olmaması da bəlli deyil.
Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, həm Ermənistan, həm də işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)
Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)