İŞİD-ə qoşulan azərbaycanlı güləşçi öldürüldü
1. 331 dəfə baxılıb
“Sələf Xəbər” AzVision.az saytına istinadən xəbər verir ki, bu ilin avqust ayında İŞİD terror xəvaric qruplaşmasına qoşulan azərbaycanlı Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub.
Bu barədə AzVision.az-a R.Baxşəliyevin ailəsindən məlumat verilib.
Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. R.Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.
Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçidir. O dəfələrlə Respublika yarışlarından yüksək nəticələr əldə edib. Suriyaya gedənə kimi o, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.
Xatırladaq ki, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi.
Sələf Xəbər: XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?”
O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).