İŞİD sıralarında təlimlər keçmiş 8 nəfər azərbaycanlı saxlanılıb –VİDEO
1. 116 dəfə baxılıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının dini radikal silahlı birləşmələrə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılıblar.
Müəyyən edilmişdir ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.
Z.Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar”, İ.Muxtarov isə İraqdakı “Muvahidd camaatı” adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.
Həmçinin müəyyən edilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan V.Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək “Azəri camaatı” qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları müxtəlif şərtlər altında döyüşə hazırlayıb, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.
Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Dövlət Təhlükəsizliyi Xidməti bir daha Azərbaycan Respublikasının vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və onların radikal dini ideoloji təsiri altına düşmüş Azərbaycan Respublikasının vətəndaşlarını belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.