İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasına Bakı ev sahibliyi edəcək
659 dəfə baxılıb
2-4 noyabr 2015-ci il tarixlərində Bakı şəhəri İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasına ev sahibliyi edəcək.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Əbdüləziz əl Saud, İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı nəzərdə tutulub.
Azərbaycanı tədbirdə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvləri, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi nümayəndələr təmsil edəcək.
Tədbir çərçivəsində noyabrın 2-də Əlaqələndirmə Komissiyasının, noyabrın 3-də İslam Həmrəylik İdman Federasiyasının 24-cü İcraiyyə Komitəsinin görüşləri və 4 noyabr tarixində 9-cu Baş Assambleyanın iclası keçiriləcək. Sonuncu gün qonaqlar İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinə səfər edəcək.
İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasında 45-dən çox MOK-dan 120 nəfərə yaxın nümayəndənin iştirakı gozlənilir.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!