İslam Partiyası və Milli Şura mitinqə hazırlaşır
950 dəfə baxılıb
“Sələf Xəbər” haqqin.az saytına istinadən xəbər verir ki, Azərbaycan İslam Partiyası noyabrın 16-da mitinq keçirməyə hazırlaşır. Partiya, razılıq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu haqda məlumat verən partiya sədrinin müavini Akif Heydərli deyib ki, mitinqin keçirilməsi üçün partiya metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionu seçib və bunu müraciət məktubunda da qeyd edib:
“Bakı Şəhər İcra Hakimiyyətindən cavab almamışıq. Amma hələ vaxta var. Mitinqdə səsləndiriləcək şüarlar, toxunulacaq məsələlər bəllidir. Biz beynəlxalq təşkilatlardan siyasi məhbus statusunu müəyyənləşdirmək üçün konkret addımlar atmağı tələb edəcəyik.”
Eyni zamanda Milli Şura da Cəmil Həsənlinin başçılığı ilə mitinqə hazırlaşır. Tələbləri də Azərbaycan İslam Partiyasının tələbləri ilə eynidir. Mitinqin keçirilməsi üçün seçdikləri yer də eynidir.
10 noyabra təyin edilmiş müxalifət mitinqində əsas tələblərdən biri siyasi məhbusların azadlığa buraxılması olacaq, Şuranın sədri Cəmil Həsənli Turan agentliyinə bildirib.
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda keçiriləcəyini bəyan edib.
Müxalifət mitinqində Azərbaycan İslam Partiyası üzvlərinin iştirakı məsələsinə gəldikdə, Akif Heydərli hələ partiyada bu haqda müzakirələrin aparıldığını bildirib: “Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşdən sonra iştirak haqda qərar verdik. Amma Milli Şuranın bəzi üzvləri İslam Partiyasının mitinqdə iştirakına qarşıdır, ona görə müəyyən tərəddüdlər yaranıb”.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).