“İslamı terrorçuluqla eyniləşdirmək cəhdləri bizi narahat edir” – Prezident (Allah onu qorusun)
1. 644 dəfə baxılıb
“Bizi təhlükəsizlik, sülh məsələləri birləşdirir. Qafqazda bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır”.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev (Allah onu qorusun) Qafqazdan olan dini liderlərlə görüşdə deyib. İ. Əliyev bildirib ki, dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalların, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox böyük əhəmiyyət kəsb edir: “Biz də bu ənənələri qoruyub saxlamalı və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, milli ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir. Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi, nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir imkandır. O zaman dünya daha təhlükəsiz olar.
Qarşılıqlı hörmət, beynəlxalq hüquq, ədalət, dini dəyərlər dünyanın müsbət istiqamətdə inkişafı üçün mühüm təməldir. Təəssüf ki, biz bunun əksini görürük. Qafqazda həm təhlükəsizliyi, həm əməkdaşlığı, həm də inkişafı birgə səylərlə möhkəmləndirəcəyik. Bir daha sizi səmimi qəlbdən salamlayıram. Ümid edirəm ki, sizin bu konfransda iştirakınız xoş və faydalı olacaq”.
Sələf Xəbər: Həqiqətdə, bütün bu qırğınlar və anarxiyanın həqiqi İslamla heç bir əlaqəsi yoxdur.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz” (Əl-Buxari).