Köhnə sürücülük vəsiqəsi olanlar “mexanika” sürə biləcəklərmi?
1. 413 dəfə baxılıb
Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib.
Selefxeber.az-ın “1news.az”-a istinadən xəbərinə görə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ilin əvvəlində praktiki idarəetmə üzrə imtahan verənlər arasında ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən mexaniki və ya avtomatik sürətlər qutusu olan avtomobildə imtahan vermək istədikləri soruşulur.
“Müvafiq olaraq “avtomat”da imtahan verən sürücüyə verilən vəsiqədə onun yalnız avtomat sürətlər qutusu olan avtomobili idarə etmə hüququ olduğu qeyd edilir.
“Mexaniki” sürət qutusu olan avtomobil üzrə imtahan verən sürücü isə yalnız həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobili idarə etmək hüququna malikdir”, – idarədən bildiriblər.
“Bu ilə qədər bu qayda tətbiq edilmirdi, vaxtı bitmiş vəsiqələri dəyişərkən alınan yeni vəsiqələr sürücülərə həm avtomat, həm də mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnu verir. Belə ki, daha öncə bütün imtahanlar mexaniki sürətlər qutusu olan avtomobil ilə götürülürdü”, – idarədən vurğulayıblar.
Qeyd edək ki, yeni qaydalar, köhnə qaydalardan fərqlənmir, sadəcə bir qeyd var, avtomatik və ya mexaniki sürətlər qutusu. Vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin binasında, eləcə də “ASAN xidmət” mərkəzlərində aparılır.