Komitə sədri Gürcüstanda baş verənləri şərh edib
843 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibəsində bildirib ki, “Gürcüstanda son günlər azərbaycanlıların yaşadığı ərazilərdə məscidlərdə törədilən təxribatların arxasında üçüncü qüvvənin əli var”.
M. Qurbanlı qeyd edib ki, üçüncü qüvvə dedikdə ermənilər və digər Gürcüstanla Azərbaycanın münasibətlərini pozmaq istəyən qrupları nəzərdə tutur: “Bu qruplar təxribatlar vasitəsi ilə Gürcüstanda dini zəmində qarşıdurma yaratmaq istəyirlər. Biz hesab edirik ki, Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən Gürcüstan parlamentində olan azərbaycanlı deputatlar, oradakı din nümayəndələrimiz bu təxribatları yaxşı görməlidirlər və görürlər. Biz təmkinli xalqıq və təmkinimizi də nümayiş etdiririk”.
M. Qurbanlı bildirib ki, bu məsələ onun Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdə də geniş müzakirə olunub: “Bundan başqa, Gürcüstanda dini məsələlər ilə bağlı yeni yaradılan idarənin rəhbərini Azərbaycana dəvət edəcəyik və onunla da məxsusi söhbətimiz olacaq. Hazırda Gürcüstan tərəfi bizə bildirir ki, bu baş verənlər ölkə hüquq-mühafizə orqanlarının diqqətindədir və lazımı ölçülər götürüləcək”.