Mənzillərin qeydiyyatına dair dövlət rüsumunun məbləği və şərtləri açıqlandı
1. 083 dəfə baxılıb
Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanununun 26.1.1-ci maddəsinə əsasən, 30 manat təşkil edir. Təkrar çıxarışın əldə edilməsinə görə müəyyən olunmuş rüsum isə 10 manatdır.
Selefxeber.az xəbər verir ki, “Oxu.Az”a Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, çıxarışlar vətəndaşlara 10 iş günü ərzində verilir.
Ancaq əmlakının dövlət qeydiyyatına alınmasına dair müraciət edən şəxs müəyyən olunmuş müddətdən tez çıxarışını əldə edə bilər. Bu zaman isə rüsumun məbləği yüksəlir. Belə ki, Bakıda qeydiyyat 5 iş günü olarsa, rüsumun məbləği 50%, 3 iş günü olarsa 100%, rayonlarda isə müvafiq olaraq 30% və 50% artır.
Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi xidmətindən yararlanmaq üçün “Dövlət rüsumu haqqında” Qanununun 26.1.2-ci maddəsinə əsasən, 50 manat məbləğində rüsum ödənilməlidir.
Təkrar texniki pasportun alınmasına görə müəyyən olunmuş rüsum isə 10 manat təşkil edir. Lakin qeyd edilməlidir ki, texniki pasport üçün rüsumlar sahədən və zonadan asılı olaraq dəyişkəndir.
Əmlak Məsələləri Dövlət Komitəsinin ipoteka ilə bağlı qeydiyyat xidmətlərindən olan ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xidmətlərinə görə isə 10 manat məbləğində rüsum ödənilir. Sənədləşmə isə 3-5 iş günündə yerinə yetirilir.
Komitənin daha çox istifadə olunan qeydiyyat xidmətlərindən biri də daşınmaz əmlakın yüklülüyünə dair arayış (Forma1) verilməsi ilə bağlıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunub.
Tarif (qiymət) Şurasının qərarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi üçün 20 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulub.
Qeyd edilməlidir ki, Komitə tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsi onlayn qaydada da həyata keçirilir.
Bundan başqa, Komitə tərəfindən istifadəyə verilən “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilərlər.
Qeyd edək ki, dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir.