Məscidlərdə veb-kameralar quraşdırılacaq
671 dəfə baxılıb
Dini mərasimləri yalnız Azərbaycan vətəndaşları apara bilər.
İbadət edənlərin təhlükəsizliyini təmin etmək üçün daha bir addım atılır. Bu məqsədlə məscidlərdə veb-kameralar quraşdırılır.
“Sələf Xəbər”in Anspress.com-a istinadən məlumatına görə, Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib.
Komitə sədri bu halların baş verdiyi məscidlərin siyahısının olduğununu da qeyd etdi. Komitə sədri bildirdi ki, bu cür hallar baş verən zaman mütləq hüquq-mühafizə orqanlarına xəbər verilməlidir. Bundan başqa dini ayinlərin icrasını da hər axund və ya imam apara bilməyəcək:
“Dini ayinlərin icrası yalnız Azərbaycanda ali dini təhsil və yaxud dini təhsil almış şəxs tərəfindən həyata keçirə bilər. “Dini etiqad azaqlığı haqqında” qanundan kənar kimlərsə özünü molla elan edib, hansısa dini ayinləri, mərasimləri icra edirsə, onlara qarşı İnzibati Xətalar Məcəlləsi ilə cərimələr tətbiq ediləcək. Qanun buna icazə verir. Artıq qanunda bu öz əksini tapıbdır”.
Xaricdə dini təhsil alan şəxs Azərbaycanda dini ayinləri icra edə bilməz. Dini mərasimləri yalnız Azərbaycan vətəndaşları apara bilərlər. Əks halda o şəxsləri iki min manatdan beş min manatadək cərimə, bir ilədək həbs gözləyir.
Əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparmaya görə isə şəxs bir ildən iki ilədək həbs. Təkrar törədildikdə beş ildək həbs oluna bilər.
Bundan əlavə uşaqların orta məktəbdən yayınması hallarının qarşısının alınması üçün də tədbirlər görülür. Daha dəqiq, uşaqlarını məktəbdən ayırıb dini təhsilə yönəldən, yeddi gündən çox dərsdən yayındıran valideynləri də 100 manat cərimə gözləyir.
“Müxtəlif din pərdəsi altında, müxtəlif bəhanələrlə uşaqlar təhsildən uzaqlaşdırılır. Dini ayin və mərasimlərə cəlb edirlər. Eyni zamanda bu tək İslam dini ilə bağlı bir məsələ deyil. Hazırda müxtəlif təriqətlər və sektalar var ki, onların da tədbirlərinə məktəb yaşlı uşaqların cəlb edilməsi kimi hallara da rast gəlirik. Bu nöqteyi-nəzərdə bu müddəanın praktiki əhəmiyyəti olduğunu düşünürəm”, – deyə dini komitə sədrinin müavini Gündüz İsmayılov bildirib.
İbadətgahlardan kənarda ictimai yerlərdə dini şüarların və dini atributların, bayraqların nümayiş etdirilməsi qadağan edilir.
Milli Məclisin ictimai birliklər və dini qurumlar, hüquq siyasəti və dövlət quruculuğu komitələri tərəfindən təklif olunan bu layihələr parlametin plenar iclasına tövsiyə olundu.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)