“Metsamor AES terrorçular üçün əlçatandır” – Ekspert
730 dəfə baxılıb
“Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası böyük bir ərazi üçün çirklənmə mənbəyidir. Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddəti bitmiş olmasına baxmayaraq, fəaliyyətini davam etdirən AES-lər”.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu sözləri açıqlamasında “Greenpeace Rusiya” təşkilatının enerji layihəsinin koordinatoru, enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib. O deyib ki, Metsamor AES vaxtilə zəlzələyə müqavimət göstərib: “Yəni layihə artıq köhnəlib və müasir tələblərə cavab vermir. Metsamor AES-də qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud deyil”.
Ekspert Metsamor AES-də qəza olacağı təqdirdə, hansı ərazilərin çirklənəcəyi ilə bağlı indiyə kimi dünyada bir sıra tədqiqat institutlarının araşdırma apardığını, həyəcan təbili çaldığını vurğulayıb: “Bunlardan biri Avstriyanın Yer haqqında Elmi İnstitutunun apardığı araşdırmadır. Araşdırmada Metsamor AES-də qəza baş verəcəyi halda, Azərbaycan da daxil olmaqla, böyük bir ərazinin çirklənəcəyi qeyd olunub. Bildirilib ki, hava şəraitindən asılı olaraq Metsamor AES-dəki mümkün qəza böyük ərazini çirkləndirə bilər və bu, region üçün olduqca təhlükəlidir”.
R. Alimov Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların regiona diqqətini artırdığını da əlavə edib: “Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəyi kimi, həm də terrorçular üçün əlçatandır”.
Ekspertin fikrincə, həm Ermənistanın, həm də regionun digər ölkələrinin bərpa olunan enerji mənbələrindən istifadəsi üçün böyük potensialı var: “Metsamor AES-in köhnə və təhlükəli blokları bağlanmalıdır”.
Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, islamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.
Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.
Şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
İnsanlara verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.
Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 211-ci ayə)