Metyu Brayza: “Helikopterlərin orada uçması provokasiyadır”
923 dəfə baxılıb
“Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil”.
“Mən Dağlıq Qarabağa tez-tez səfərlər etmişəm. Orada 40 min əhali, yaxud 40 minlik hərbi qüvvə görməmişəm. Xankəndində əhali var, işğal olunmuş vilayət və regionlarda isə əhali yaşamır. Mən yalnız Laçında bir neçə nəfər görmüşəm”.
“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza APA-nın Gürcüstandakı müxbirinə eksklüziv açıqlamasında deyib.
Ermənistan hərbi helikopterinin Azərbaycan əsgərləri tərəfindən vurulması hadisəsinə münasibət bildirən M. Brayza hesab edir ki, helikopterlərin həmin ərazidə uçuşu düzgün deyil: “Bu, provokasiyadır. Mən bilmirəm, bu hadisədən əvvəl orada nələr baş verib. Ermənistan tərəfində və Azərbaycan tərəfində nə baş verdiyini dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, gərginlik yaşanan zonada uçmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan əsgərləri helikopteri vurmayaydı, amma bu ərazi müharibə zonasıdır.
Belə təxribat törətmək olmaz. Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil. Ukraynada baş verənlərdən sonra çoxları elə düşünə bilər ki, bu, Rusiyanın işidir və Moskva istəyir ki, Ermənistan və Azərbaycan arasında destabilizasiya yaratsın. Fikrimcə, indi sakitlik lazımdır”.
M. Brayza helikopterin məhv edilməsindən sonra Ermənistanın atəşkəsi daha tez-tez pozmasının gözlənilən olduğunu vurğulayıb: “Əgər biz sülh və qardaşlıq içində – cənnətdə yaşasaydıq, təbii ki, Azərbaycan bu helikopteri vurmazdı. Aydındır ki, bundan sonra Ermənistan Azərbaycan ərazilərini atəşə tutacaq. Bu, çox təhlükəli vəziyyətdir. Mən ona görə dedim ki, yaxşı olardı, Azərbaycan tərəfinin helikopterə reaksiyası olmayaydı. Mən bunu məntiqi nöqteyi-nəzərindən belə deyirəm.
İndi Minsk Qrupunun qarşısında duran ən başlıca məsələ vəziyyəti düzəltmək üçün iki ölkə arasında yeni etibar tədbirləri görməkdir. Bu istiqamətdə girovların dəyişdirilməsi bir addım olardı. Sonda isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək olar. Bu görüşə ABŞ, Fransa, Rusiya prezidentlərini də cəlb etmək mümkündür, lakin düzünü desəm, mən Rusiyanın buna hazır olduğuna şübhə edirəm”.
M. Brayza Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyini xatırladaraq bunun sadəcə, bir addım olduğunu söyləyib: “Putinin təşkil etdiyi Soçi görüşü isə böyük şou idi. Prosesdə dönüş üçün ABŞ prezidentinin və dövlət katibinin öz fransalı həmkarları ilə birgə fəallığı lazımdır. Bu fəallığa onların rusiyalı həmkarları da qoşula bilər. Lakin indi Rusiyanın Ukraynada elədiklərindən sonra mən şübhə edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərdə stabillik istəsin”.
M. Brayza hazırda İstanbulda yaşadığını, Türkiyə, İngiltərə, Finlandiya və Azərbaycanda bir sıra özəl şirkətlərin direktorlar şurasının üzvü olduğunu söyləyib. O, Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru olduğunu da nəzərə çatdırıb.
http://news.lent.az/news/185875
Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” ( Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə).