Meyitləri götürülən hərbçilərdən ikisinin adı açıqlanıb
835 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağın şimalında yerləşən Talış kəndinin yaxınlığında qoşunların təmas xəttində həlak olan 7 hərbçinin cəsədini götürüblər.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə həmin hərbçilərdən ikisinin adını açıqlayıb. Deputat bildirib ki, Mingəçevirdən iki nəfər şəhid olub:
“Gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə 2 aprel tarixində döyüşlərdə həlak olub. Dünən Ermənistan-Azərbaycan cəhhə xəttində Teymurun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adilin məsələsi isə hal-hazırda həll edilir.
Mingəçevirə gedərək onların yas mərasimində iştirak edib, yaxınları ilə dərdlərini bölüşəcəyəm”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)Allah rəhmət eləsin. Amin!