Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Misir mətbuatı Dağlıq Qarabağ münaqişəsindən yazdı

Aprel 11
17:40 2016

Misirin Asiya ölkələri üzrə mütəxəssisi, jurnalist-tədqiqatçı Əhməd Əbduh Tarabekin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi bu ölkənin nüfuzlu “Ruzəl-Yusuf” qəzetində nəşr edilib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, Ə.Tarabek bu il aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün cəbhə boyu Azərbaycan mövqelərinin və yaşayış məntəqələrinin intensiv atəşə məruz qalması haqqında məlumat verərək, bu hadisənin dünya birliyinin diqqətini yenidən həmin bölgəyə çəkdiyini bildirib.

Müəllif Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının 1994-cü ildə qüvvəyə mindiyini, sözügedən münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar yolu ilə həllinə səylərin göstərildiyini diqqətə çatdıraraq xatırladır ki, BMT TŞ-nın qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ə.Tarabek Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzun müddət davam etməsinin Azərbaycan tərəfindən qəbuledilməz olduğunu vurğulayıb, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından məcburi şəkildə çıxarılaraq, qaçqın və köçkün vəziyyətə düşdüyünü, Azərbaycan hökuməti tərəfindən qaçqın və köçkünlər üçün ölkə daxilində yaxşı şəraitin yaradılmasına baxmayaraq, yenə də onların öz doğma torpaqlarına qayıtmaq, evlərinə sahib çıxmaq arzusunda olduğunu qeyd edib.

Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin bu şəkildə davam etməsinin regionda sabitliyin və əmin-amanlığın mütəmadi şəkildə pozulmasına gətirib çıxardığını söyləyən müəllif, digər tərəfdən, münaqişənin davam etməsinin xalqların zehnində də bir-birinə qarşı düşmənçilik hisslərini yaşatmasına səbəb olduğunu yazır.

Məqalənin sonunda Ə.Tarabek sözügedən münaqişənin sülh danışıqları yolu ilə ədalətli şəkildə həllinin tapılmasının tərəfdarı olduğunu bildirərək, bölgədə sülhün və əmin-amanlığın təmin olunması üçün beynəlxalq təşkilatların səylərini daha da artırmasının vacibliyini vurğulayıb.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər