Mübariz Qurbanlı: “Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir”
1. 221 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsinə münasibət bildirib.
M. Qurbanlı APA-ya eksklüziv açıqlamasında bildirib ki, belə hallar qəti şəkildə pislənilir.
M. Qurbanlı qeyd edib ki, Azərbaycanın İranla münasibətləri çox normaldır: “O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir”.
Komitə sədri deyib ki, bu cür hərəkətlərlə kimlərsə orada özünü göstərmək istəyirsə, yanılır: “Hər şeydən əvvəl bilsinlər ki, nümayiş etdirdikləri nə İmam Hüseynə (Allah ondan razı olsun) və digər müqəddəslərə, nə də o məclislərin keçirildiyi ərazilərdəki ziyarət yerlərinə uyğundur. Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqətini nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir. Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur”.
M. Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni yerindəcə araşdırıblar: “Həmin ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olundu, belə hallara gələcəkdə qəti şəkildə yol verilməməsi bildirildi”.
Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, xüsusilə Nardaranda keçirilən məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.