Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Mübariz Qurbanlı: “İslamı istəməyən qüvvələr onu terrorla əlaqələndirmək istəyirlər”

Mart 11
18:07 2015

Mübariz Qurbanlı: “İslamı istəməyən qüvvələr onu terrorla əlaqələndirmək istəyirlər”. Şamaxıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans işə başlayıb.

Ötən gün Şamaxı şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, komitənin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransı açaraq dövlət-din münasibətlərindən, ölkəmizdəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində maarifçiliyin əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib.

Mübariz Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı toqquşmalar məhz geosiyasi maraqlardan irəli gəlir. İslamı istəməyən qüvvələr onu siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən danışıb.

Konfransda bildirilib ki, Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək gəlib çatıb. Bu ənənənin qorunub saxlanılmasında hər kəsin, xüsusən də din xadimlərinin, ziyalıların üzərinə böyük məsuliyyət düşür.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)

Digər xəbərlər