Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Mübariz Qurbanlı: “Radikal qrupların fəaliyyət göstərməsinə imkan verməyəcəyik”

Mart 05
22:25 2015

“Ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Təhlükəsizlik Nazirliyinin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, İslam ölkəsi olan Azərbaycanın İslami dəyərləri, milli adət-ənənələri var: “Tarixdən bizə əxz olunan, nəsildən nəslə ötürülən İslami dəyərlərimizi qorumalı, yaşatmalıyıq. Prezident İlham Əliyev də bu dəyərləri qorumaq üçün çox böyük işlər həyata keçirməkdədir. Dövlət qurumları da öz işini qanuna müvafiq şəkildə aparır.

Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin, söykəndiyimiz İslami dəyərlərin istəyidir. Radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün son vaxtlar çox böyük işlər görülüb və bu işlər bu gün nəticə verməkdədir. Məhz buna görə Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübarizə bir an da olsun dayanmayacaq və biz bu fəaliyyətimizi ölkədə radikal qrupların fəaliyyəti tam aradan qalxana qədər davam etdirəcəyik”.

Sələf Xəbər: Qeyd edək ki, İslam birdir və “mülayim”, “radikal”, “solçu” və ya “sağçı” İslam mövcud deyil. Beləliklə, həqiqi İslam vardır, onun əksi isə – insanların ekstremizmə və ya dində qayğısızlığa çağıraraq İslam adından ixtira etdikləri İslamda yeniliklərdir.

Uca Allah buyurur: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar…” (Qurani-Kərim, “Ənam” surəsi, 153-cü ayə)

Yəni bütün başqa yollar həqiqi İslam deyildir.

Uca Allah, həmçinin buyurur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar…” (Qurani-Kərim, “Bəqərə” surəsi, 257-ci ayə)

Diqqət edin ki, bu ayədə “nur” sözü tək halda istifadə edilmişdir, halbuki “zülmətlər” sözü cəm halında istifadə edilmişdir. Bu ona işarədir ki, həqiqət həmişə birdir, bundan başqa hər şey isə – insanların uydurduğu zəlalətdir. Uca Allahın buyurduğu kimi: “Haqdan sonra zəlalətdən başqa nə ola bilər?…” Qurani-Kərim, “Yunus” surəsi, 32-ci ayə)

Digər xəbərlər