Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müdafiə naziri cəbhə bölgəsində döyüşə hazırlıq səviyyəsini yoxlayır

Oktyabr 28
17:43 2014

“Sələf Xəbər”-in Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, nazir general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.

Yoxlama Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin (Allah onu qorusun) tapşırığına əsasən aparılır. Müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti, hərbi qulluqçuların vəzifə borclarını bilməsi və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.

Artilleriya hərbi hissəsində qoşunların silahlanmasına yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib.

Əsgər yeməkxanasında nahar edən Müdafiə naziri hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.

Hərbi hissələrin ərazisində təmir-tikinti işləri aparılan obyektlərdə və əsgər kazarmalarında olan Müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın keyfiyyətli təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).

“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı,“bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın.

Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.

Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.”

O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).

Biz də “Sələf Xəbər” redaksiyası olaraq Uca Allahdan istəyirik ki, dövlətimizə bu şərəfli və vacib ordu quruculuğu işində kömək olsun, bütün əsgər və zabitlərimizi qorusun!

Digər xəbərlər