Müdafiə nazirimiz cəbhədə – FOTO
840 dəfə baxılıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Selefxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub. Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib.
Səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Daha sonra nazir cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub
Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin (Allah onu qorusun) göstərişinə əsasən cəbhəyanı zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan müdafiə naziri müvafiq tapşırıqlarını verib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (“Ənfal” surəsi, 60).