Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq

Fevral 02
18:09 2015

Vaqif Dərgahlı: “Düşmənin istənilən hərəkətinin qarşısı onu dərhal məhv etməklə alınacaq”.
Elxan Mehdiyev: “Bu, artıq yarı müharibə deməkdir və müharibəyə keçiddir”.

Gözlənildiyi kimi, Ermənistanın yalan dolu təbliğat maşınının Azərbaycanı günahlandıran silsilə materiallarından sonra ölkəmizə qarşı növbəti təcavüzkar cəhdləri həyata keçirildi. Ötən həftənin son günlərində Azərbaycan Ordusu düşmənin diversiya təxribat hücumunun qarşısını almaqla Ermənistana növbəti layiqli cavab verdi. Ancaq təəssüf ki, eyni gündə biz də şəhid verdik.

“Sələf Xəbər”in Milli.az-a istinadən məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, cəbhədə ötən günlərlə müqayisədə son sutka nisbətən sakit keçib. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 64 dəfə pozub.

Düşmən Ermənistanın İcevan və Berd rayonlarından, həmçinin işğal olunmuş ərazilərimizdən mövqelərimizi atəşə tutub. İtki yoxdur. Düşmənin son günlər xüsusilə aqressivləşməsinin səbəbinə gəldikdə, ümumi rəy bundan ibarətdir ki, düşmən ölkənin rəhbərliyi, adətən bu kimi yollarla ictimaiyyətin diqqətini daxildən yayındırmaq üçün təxribatları çoxaldır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bizə bildirdi ki, düşmənin iddiaları tam yersizdir: “Ermənistan əgər pilotsuz təyyarənin ona məxsus olduğunu boynuna almaq istəmirsə, almasın, bu, bizim problemimiz deyil. Biz ermənilərdən fərqli olaraq itkilərimizi gizləmirik. Onlar son günlərdə 20-dən artıq itki verib. Hələlik, Qazax cəbhəsində verdikləri 6 itkinin açıqlanmasını gözləyirik”.

V.Dərgahlı dedi ki, düşmən gərginliyi Azərbaycan-Ermənistan sərhədinə keçirmək istəyir və burada xüsusi məqsədin olduğu şübhəsizdir: “Ermənilərin itkilərinin çox olması faktdır, sadəcə, itkiləri tək-tək açıqlayırlar ki, ictimai etiraz doğurmasın. Düşmən o qədər azğınlaşıb ki, artıq açıq şəkildə əməliyyat keçirdiklərini, Azərbaycanın mövqelərini məhv etdiklərini bəyan edirlər. Hansı ki, belə bir şey yoxdur. İstənilən halda bu, açıq təcavüzdür. Ötən həftə artıq ikinci dəfədir monitorinqi pozmağa cəhd göstərdilər. Müdafiə Nazirliyi bir daha bəyan edir: düşmənin istənilən hərəkətinin qarşısı onu dərhal məhv etməklə alınacaq. Necə ki, Qazax zonasında da bu, baş verdi”.

Yeri gəlmişkən, bir müddət öncə erməni jurnalist tam açıq şəkildə Ermənistan-Azərbaycan sərhədindəki gərginliklərə diqqət çəkib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujadan bu barədə soruşmuşdu. Ermənistan jurnalistinin bu ilin yanvar ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliklərə KTMT-nin niyə reaksiya verməməsi ilə bağlı sualını cavablandıran baş katib bildirib ki, həm 2014-cü ildə, həm də ondan əvvəlki illərdə münaqişə zonasında baş verən gərginliklərlə əlaqədar KTMT, o cümlədən Rusiya XİN tərəfindən bəyanatlar verilib: “Bu bəyanatlarda biz KTMT olaraq öz mövqeyimizi açıq bildirmişik. Siz istəyirsiniz ki, biz hərbi yolla reaksiya verək? Xeyr, bu, mümkün deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərirlər”.

Bu fakt onu göstərir ki, Ermənistan prosesə Rusiyanın, həmçinin, KTMT-nin birbaşa müdaxiləsinin həsrətindədir və son təxribatlarla da buna zəmin hazırlamaq istəyir. Ancaq son günlər Ermənistana qarşı aqressiv mövqedə olan Moskvanın buna gedəcəyi o qədər də real görünmür. Xüsusilə də, AŞPA-da Rusiya əleyhinə qəbul olunan qətnaməyə Ermənistan nümayəndə heyətinin bir qrup üzvünün bitərəf qalması şəraitində şimal qonşumuz İrəvanın ikili oyun oynamasından məmnun deyil. Dövlət Dumasının spikeri Sergey Narışkinin Azərbaycan haqqında yüksək fikirlər səsləndirməsi də erməniləri pis vəziyyətdə qoyub.

Siyasi təhlilçi Elxan Mehdiyev hesab edir ki, cəbhədəki gərginliyin səbəblərinə kompleks yanaşmaq lazımdır: “Ermənilər işğal etdikləri torpaqlardan dinc yolla çıxmaq fikrində deyillər. Bunu danışıqları bilavasitə aparan İlham Əliyev cənabları artıq dəfələrlə deyib. Bu işi həll etməyi boynuna götürən ATƏT həmsədrləri isə ermənilərə heç bir təsir və təzyiq etmir, əksinə, son zamanlar onların tərəfini tutur. Hansı ki, ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var”.

E.Mehdiyevin qənaətincə, erməni tərəfi çalışır ki, atəşkəs daimi qalsın və Azərbaycan tədricən bu torpaqları unutsun: “Azərbaycan isə düşmənə rahatlıq verməmək haqqında düşünür. Digər tərəfdən, erməni tərəfi ön cərgədə əsgərlərinin sayının az olmasına görə hər zaman bizim səngərlərə qarşı atəş açır. Bununla öz gücünü göstərmək istəyir və Azərbaycan əsgərləri də cavab atəşi açır və beləliklə, atəşkəs rejimi pozulur. Hər zaman yox, amma çox zaman belə olur. Ölüm olduğu zaman isə tərəflər əvəz çıxmağa çalışırlar və kim daha ayıq olursa, o da az itki verir. Son zamanlar bizim əsgərlər daha sərrast və bacarıqlı olduğundan düşmən ağır itkilər verir. Bundan qəzəblənən Sərkisyan artıq Azərbaycan postlarını və yaxınlıqdakı hərbi obyektlərini dağıtmaq əmri verib. Bu, artıq yarı müharibə deməkdir və müharibəyə keçiddir. Ona görə də Azərbaycan hərbi komandanlığı indi başqa planlar qurmalıdır”.

2014-cü ildə Ermənistandan qayıtmamaq şərtilə 47 min adam baş götürüb gedib. Ermənistan KİV-nin məlumatına görə, bu haqda Milli Statistika Xidməti (MSX) məlumat yayıb. Bu göstərici 2013-cü illə müqayisədə 5 min, yaxud demək olar, 12 faiz çoxdur. Beləliklə, Serj Sərkisyanın 7 illik idarəçilik müddətində, rəsmi məlumatlara görə, Ermənistandan 330 min adam mühacirət edib. Qeyri-rəsmi məlumata görə, bu göstərici 380 minə çatır. Bütün bunlar Sərkisyan rejiminə qarşı nifrəti çoxaldır. Rejim isə çıxış yolunu lokal müharibələrdə görür. Nəinki Sərkisyan əleyhinə, hətta qondarma rejimin hökmranlığına qarşı da etirazlar çoxalır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər