Nardaranda həyat normala dönür
686 dəfə baxılıb
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, ötən gün günorta saatlarında Nardaran sakinlərinin iştirakı ilə “Hüseyniyyə” məscidində aparılan müzakirələrin sonunda meydanı boşaltmağa, evlərə qayıtmağa qərar verilib.
Hazırda meydanda heç kəs qalmayıb. Meydanda qurulan çadırlar sökülüb, ərazi daş-kəsəkdən, dəmir parçalarından təmizlənib. Qəsəbənin ətrafında qurulmuş daş sədlər sökülüb. Artıq qəsəbənin içi ilə avtomobillərin hərəkəti bərpa edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır”. (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3)