“National Geographic Azərbaycan” jurnalı artıq satışda
940 dəfə baxılıb
“Sələf Xəbər”AzərTAc-a istinadla xəbər verir ki, Milli Coğrafiya Cəmiyyəti və “Garant Media Holding” “National Geographic” jurnalının Azərbaycan dilində nəşr olunmuş buraxılışını təqdim ediblər.
“National Geographic Azərbaycan” jurnalının nəşrinə bu ilin sentyabr buraxılışı ilə start veriləcək. Bu buraxılışın ən mühüm materialı “Azərbaycanın rəngləri” haqqındadır. Jurnal aylıq nəşr olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq. Yeni buraxılış azərbaycanlı oxucuların maraq dairəsinə uyğun materiallarla əhatə olunacaq. Jurnalın qiyməti 4 manatdır (5 ABŞ dolları).
Diqqətə çatdırılıb ki, 1888-ci ildən çap olunan ingilisdilli “National Geographic” jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnalın dünya üzrə 60 milyon oxucusu var. “National Geographic” ingilis dilindən əlavə, 40 ölkədə yerli dildə nəşr edilir.
“National Geographic” jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda nəşr edilməyə başlanıb.
“Artıq jurnalımızın yerli dillərdə çap olunan 40-cı versiyası – “National Geographic Azərbaycan” sayəsində regionda daha çox təmsil olunacağımız üçün çox həyəcanlıyıq”, – deyə “National Geografic” Cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson bildirib.