Novruz Məmmədov: “Bizi təzyiq altında saxlamağa çalışırlar”
631 dəfə baxılıb
“Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. Bu ərəfədə hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir”.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: “Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir”.
N.Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı: “Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir. Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz”.
PA rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı.
PA rəsmisi bildirib ki, Azərbaycan müsəlman aləminin bir hissəsidir, eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir: “Lakin yerləşdiyi geosiyasi mövqedə bu elə də asan iş deyil, amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir. Bu gün ABŞ-da Baltimorda nələrin baş verdiyi orada vəziyyətin əla olmasından xəbər vermir. Amma biz hər gün, hər an Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Buna mətbuat, QHT-lər qoşulur, maliyyə dəstəyi ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir”.
O, BMT-ni tənqid edərək təşkilatı öz funksiyasını yerinə yetirməməkdə ittiham edib: “Ümumiyyətlə, inamın, etimadın olması, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi mühüm məsələdir. Bu gün BMT-ni dəyişmək, islahat aparmaq mümkün deyil. Bu proses onilliklərlə gedib. Çünki geosiyasi maraqlar var. Orada hər kəs istəyir özünün hegemonluğunu tətbiq etsin. Ona görə də BMT beynəlxalq universal təşkilat olsa da, bir atributa çevrilib”.
Sələf Xəbər: İkinci xəlifə Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir: “Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq, Allah bizi zəlil edər”. (Müstədrək Hakim)
Uca Allahdan xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!