Ölkəmizdə Həcc ziyarətinin təşkili gecikir
715 dəfə baxılıb
Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkilinin vaxtı ləngiyir.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, buna səbəb hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə tam razılığa gəlinməməsidir.
Buna görə də ziyarətlə bağlı sənəd qəbulunun ən gec halda mart ayının ortalarınadək elan olunacağı açıqlansa da, artıq bu tarix aprelin ortalarına keçirilib.
Xatırladaq ki, ötən il də əvvəlki illərdən fərqli olaraq ziyarətin təşkilinə başlanılması bir qədər gec – martın 10-da elan olunub (əvvəlki illərdə fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu) və ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb.
Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)