Oqtay Əsədov Rəcəb Tayyib Ərdoğanla görüşdü – FOTO
671 dəfə baxılıb
Ankarada keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətləri yüksək dəyərləndirilib.
“Sələf Xəbər” Xəzər Xəbərə istinadən bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Türkiyə Prezidenti Azərbaycan xalqı və ölkəmiz haqqında xoş sözlər söyləyib.
Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, xalqlarımızın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Nümayəndə heyətimizi Ankarada salamlamaqdan məmnunluğunu ifadə edən Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırıb.
Yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Milli Məclisin sədri Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin Baş nazirinə çatdırıb. Onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını parlamentimizin sədrindən xahiş edən Əhməd Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa nümunədir.
Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü olub. Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs edib. Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Onun da hərarətli salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edən İsmayıl Qəhrəman Azərbaycan xalqına tükənməz sevgi və məhəbbət bəslədiyini ifadə edib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. İki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə parlamentləri bundan sonra da dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səyləri bundan sonra da davam etdirəcəklər.
Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!