Övladlarına əcnəbi ad qoyanlara ismarıc
1. 381 dəfə baxılıb
Esmiralda, Mariya, Elizabet, Mariana və s. Yəqin ki, qapıbir qonşunuzdan, tanışınızdan, uzaq qohumunuzdan kiminsə öz uşağını bu adla çağıranda təəcüblənmisiniz.
Əcnəbi xalqları andıran bu adları əvvəllər rus, ingilis, fransız, ispan və sair xalqların nümayəndələri öz övladlarına verirdilərsə, artıq bizdə də əcnəbi adları daşıyan uşaqların sayı kifayət qədərdir. Onlar nə rusdur, nə ingilis, nə də ki, fransız. Azərbaycanlıdırlar, amma milli kimliyimiz, soy-kökümüzlə heç bir əlaqəsi olmayan, yad adları özlərində daşıyan azərbaycanlılar.
Qaraqaş, qaragöz əsl azərbaycanlı qızları olsalar da, adları çəkiləndə insanın gözü qarşısına başqa millətin nümayəndələri gəlir. Xüsusilə, qız uşaqlarına əcnəbi adların verilməsi halları demək olar ki, son vaxtlar artıb. Xalqımızda dərin köklərə söykənən, nəsildən-nəsilə ötürülən, hər birinin dərin mənası olan adlarımız niyə artıq bizlərə xoş gəlmir? Sadəcə, dəyişilmək Avropaya uyğunlaşmaq istəyimiz yoxsa, hər kəsdən fərqlənmək istəyi bizi bu seçimə vadar edir?
“Sələf Xəbər” Movqe.az-a istinadən bildirir ki, Dilçilik İnstitunun direktor müavini, Filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva da açıqlamasında azərbaycanlıların öz övladlarına başqa xalqlara aid adların verilməsinin düzgün olmadığı fikrindədir. Onun sözlərinə görə, istənilən azərbaycanlının adı çəkiləndə onun sözün əsl mənasında bu xalqın nümayəndəsi, azərbaycanlı olduğu bilinməlidir: “Mən azərbaycanlıların öz övladlarına əcnəbi ad qoymasını düzgün hesab etmirəm”.
M. Mirzəliyeva deyir ki, bunun müxtəlif səbəbləri olur: “Bəzən övladına əcnəbi ad verənlər hansısa sevdikləri xarici kinonun, əsərin qəhrəmanın adını öz uşaqlarına qoyurlar. Amma elələri də var ki, bunu müasirlik hesab etdiyindən, öz övladına əcnəbi adı verir. Ümumilikdə götürdükdə, Azərbaycanda ailələrdə yenidoğulan uşaqlara ad verərkən nəsildə olan nənə babaların adlarına üstünlük verilir. Bu həmin insanları yaşatmaq anlamına gəlir. Amma bəziləri də var ki, nəinki uşağa nənəsinin babasının, ümumiyyətlə, öz xalqına xas olan adı vermir. Mənim fikrimcə, öz xalqını sevən insan uşağına yad ad qoya bilməz. Bəlkə də, əcnəbi adı verməyi müasirlik, öz adlarımızı qoymağı geridəqalmışlıq kimi qiymətləndirirlər. Amma səhv edirlər”.
Millət vəkili Çingiz Qənizadə də açıqlamasında öz övladına əcnəbi ad qoyanları qınadığını bildirib
Ç. Qənizadənin sözlərinə görə, bəzən gənclər öz övladlarına ad seçərkən müasir səslənməsini istəyirlər: “Amma düşünmürlər ki, uşağa belə ad vermək heç də müasirlik əlaməti hesab edilə bilməz. Bu ad nə uşağa, nə də onun özünə heç nə vermir”.
Millət vəkili bəzən yaşlı nəsilin gənc ailələrə uşağa ad seçimində təsir etmək imkanlarının olmadığını deyir: “Əvvəllər ailələrdə uşağa ad qoymaq nənəyə, babaya həvalə olunurdu. Amma son vaxtlar yaşlı nəsilin uşağa müasir dövrlə səsləşməyən ad verəcəyindən ehtiyat edən müasir gənclər uşağın adını özləri seçirlər”.
Xatırladaq ki, millət vəkili Nizami Cəfərov da bu məsələyə toxunaraq qarışığı olmayan azərbaycanlı ailələrə övladlarına Valeri, Vladimr, Yuri kimi əcnəbi adlar qoymağın əleyhinə olduğunu söyləyib: “Ümumiyyətlə, elə adlar var ki, onların qoyulmağına heç bir etiraz yoxdur. Elə adlar var ki, onların qoyulması qadağandır. (məsələn, Hitler, Stalin, Andranik və s.) Elə adlar var ki, onların qoyulması məsləhət bilinmir. (məsələn, Valeri, Venera, Natalia və s.)
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən, Qiyamət günündə öz adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Bu baxımdan, uşaqlarınıza gözəl adlar qoymağınız məsləhətdir”. (Əbu Davud, Ədəb, 61)