Prezident (Allah onu qorusun) 15 gün vaxt verdi – Valyuta bazarında stabillik yaradılmalıdır
5. 576 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qorusun) Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.
Selefxeber.az-ın məlumatına görə bu barədə AzVision.az-a millət vəkili Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”.
Deputat bildirib ki, valyuta bazarının stabilləşməsi vacib məsələdir. V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı tədbirlər görülür : “Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı. Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı. Bu adamlar faktiki olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.
Valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına gəlincə, deputat qeyd edib ki, indiki şəraitdə bunların bərpasına ehtiyac yoxdur: “Ölkədə fəaliyyət göstərən bankların filialları var və onlar valyutadəyişmə əməliyyatı həyata keçirirlər. Bankların normal işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, kifayət qədər valyuta olsun və istəyən şəxs öz valyutasını dəyişə bilsin. Bankların filiallarını böyük ticarət mərkəzlərində, təyyarə limanlarında artırmaq lazımdır ki, heç bir problem olmasın”.
“AzPolitika.info” xatırladır ki, Maliyyə Sabitliyi Şurası Prezident İlham əliyevin 15 iyul 2016-cı il Fərmanı ilə ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılıb.
Maliyyə Sabitliyi Şurasının tərkibinə aşağıdakı şəxslər daxildir:
Şuranın sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Şuranın üzvləri:
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.