Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident (Allah onu qorusun): Çingiz göstərdi ki, Azərbaycanın güclü əsgərləri var – YENİLƏNİB

Fevral 09
17:17 2017

“Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir”.

Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir: “Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var”.

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” medalını şəhidin atası Salman Qurbanova təqdim edib.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam (ölümündən sonra) imzalayıb.

Xatırladaq ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub.

Onun nəşi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Digər xəbərlər