Prezident (Allah onu qorusun) hərbi gəmidə – FOTO
748 dəfə baxılıb
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
“Sələf Xəbər”in “Oxu.Az”a istinadən xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.
Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib.
Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir.
Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Dövlətimizin başçısı gəmidə yaradılan şəraitlə tanış olub.
Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).