Prezident I. Əliyev (Allah onu qorusun): Məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə bilər?!
2. 002 dəfə baxılıb
“Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan var.”
birlik.az SalamNews-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyində Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsi Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun qorusun) deyib.
Ölkə başçısı bildirib ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik: “Bizim İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətimiz çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul edib. Mən hesab edirəm ki, biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz. Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə ikitərəfli münasibətləri qursun, ya da möhkəmləndirsin. Burada bəzi hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın.”
O deyib ki, Azərbaycanın dağıdılmış abidələri, dini abidələri barədə şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc edilməlidir: “Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə, mətbuat orqanlarına, beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki, məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq istəyir, biz isə imkan verməməliyik. Ona görə, – burada əlbəttə ki, diplomatik səylər öz yerində, – eyni zamanda, güclü təbliğat qurulmalıdır. Əslində qurulur, müsbət nəticələri vardır. Sadəcə olaraq, istəyirəm ki, daha da müsbət olsun”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə)
“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).