Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Prezident İlham Əliyev (Allah onu qorusun) sərəncam imzaladı

Oktyabr 16
18:05 2014

“Sələf Xəbər” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev (Allah onu qorusun) Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılacaq.

Sərəncam üzrə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

 Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.

Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.

Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).

Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!

Digər xəbərlər